Ezonn Xəbər

Azərbaycanda koronavirus sürətlə yayılır -

Azərbaycanda koronavirus sürətlə yayılır -
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Dünyanın bir çox ölkəsində koronavirusun yeni PJ.2.1 variantı aşkarlanmışdır. Bu variantın əlamətləri adi soyuqdəymə və mövsümi qrip simptomlarına bənzəyir. İlk dəfə 2026-cı il mayın 2-də Kanadanın Ontario əyalətində müəyyən edilən bu ştam, sonradan daha bir çox bölgələrdə yayılmışdır. İyunun 30-da virusun bu variantı ABŞ-ın Nyu-York şəhərində, daha sonra isə Kaliforniya, Arizona, Nyu-Cersi, Virciniya, Şimali Karolina, Missuri, Oklahoma, Kolorado və Florida ştatlarında qeydə alınmışdır. Dünyanın digər ölkələrində, o cümlədən İspaniya, Fransa, İsrail, Sinqapur, Avstraliya və Yeni Zelandiyada da bu yeni variantın aşkarlandığı bildirilir. Mütəxəssislərin sözlərinə görə, PJ.2.1 variantına yoluxan şəxslərdə boğaz ağrısı, qızdırma, burun axması, öskürək, baş ağrısı, əzələ ağrıları və halsızlıq kimi simptomlar müşahidə olunmaqdadır. Bəzi xəstələrdə isə nəfəs darlığı, dad və qoxu hissində dəyişikliklər, eləcə də həzm sistemi ilə bağlı narahatlıqlar da yarana bilər. İnfeksionist həkim Mərdan Əliyevin açıqlamasına görə, bu yeni ştama yoluxma yalnız test vasitəsilə müəyyən edilə bilər. O, virusun müxtəlif növlərinin dövriyyədə olduğunu qeyd edərək, digər kəskin respirator infeksiyaların da geniş yayıldığını vurğulamışdır. Həkim bildirib ki, bu infeksiyaların simptomları bir-birinə çox bənzədiyi üçün onları yalnız laborator analizlər vasitəsilə fərqləndirmək mümkündür. Səhiyyə Nazirliyi də açıqlayıb ki, ölkə üzrə respirator virus infeksiyaları, o cümlədən COVID-19 infeksiyası ilə bağlı epidemioloji vəziyyət mütəmadi nəzarətdə saxlanılır. Nazirlik, SARS-CoV-2 virusunun və digər mövsümi respirator virusların monitorinqinin davam etdirildiyini qeyd edir.