Nabrandakı məşhur “Atlant” istirahət mərkəzi müsadirə edildi – Hərracda satılacaq

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Nabranda tanınmış “Atlant” Ailəvi İstirahət Mərkəzi, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə müsadirə edilib. İstirahət kompleksinin gələcəkdə hərracda satılması planlaşdırılır, əldə olunacaq vəsait isə 171 zərərçəkmiş vətəndaşa dəymiş ziyanın ödənilməsinə yönələcək.
Məhkəmə iclası Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilib. Prosesdə “Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə hökm elan edilib. Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Məhəmmədova isə şərti cəza verilib.
Nofəl Hacıyev 2018-2022-ci illərdə “Təbriz” MTK-nın tikilməkdə olan binalarında mənzilləri bir neçə şəxsə sataraq 171 vətəndaşın 14 milyon manatdan çox vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi iddia olunub. Hacıyev həmin vəsaitin “Atlant” istirahət mərkəzinin tikinti və təmir işlərinə yönəldildiyini qeyd edib.
Qeyd edək ki, Nofəl Hacıyev istirahət mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkənidir. Prosesdə Hacıyev bu günlərdə baş verənlərlə bağlı qayınatasını ittiham etsə də, Qədəşov ittihamları rədd edib. İstirahət kompleksinin müsadirəsi ilə bağlı qərar, hüquqi cəhətdən ciddi müzakirələrə səbəb olub.