“Növbəti dövrlərdə iqtisadi artım özəl sektora söykənəcək”- Nazir

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Dövlət xərclərinin optimallaşdırılması şəraitində növbəti dövrlərdə iqtisadi artımın özəl sektora və xüsusi investisiyalara söykənəcəyi bildirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov, bu açıqlamaları Milli Məclisin plenar iclasında gələn ilin dövlət büdcəsi müzakirəsi zamanı verib.
Nazir, dövlətin iqtisadiyyatdakı funksiyasının investor rolundan riskləri bölüşən tərəfdaşa keçdiyini vurğulayıb. Bu keçidin ilkin nəticələrinin artıq göründüyünü qeyd edən Cabbarov, cari ilin 10 ayında qeyri-neft-qaz sektorundakı özəl investisiyaların 18 faizədək artdığını bildirib.
İqtisadi artımın yeni mənbələrinin işə salınmasının vacibliyini önə çəkən nazir, daxili tələbin struktur transformasiyasının əhəmiyyətini xüsusilə qeyd edib. Dövlətin əhəmiyyətli həcmdə mal və xidmət satın aldığını, bu alışların bir hissəsinin isə idxal yolu ilə təmin olunduğunu vurğulayan Mikayıl Cabbarov, yerli istehsalın dövlət satınalmalarına yönəldilməsinin əhəmiyyətini dilə gətirib.
Cabbarov, əczaçılıq və rəqəmsal həllər kimi sahələrin yerli istehsalçılar üçün sabit bazar formalaşdırdığını ifadə etdi. Nazir, dövlət sifarişlərinin yerli istehsala yönləndirilməsi və iri satınalmaların lokalizasiyası üçün müvafiq tədbirlərin görüldüyünü qeyd edib.