Ezonn Xəbər

Qədəşovun 14 milyon mənimsəyən kürəkəninə hökm oxundu

Qədəşovun 14 milyon mənimsəyən kürəkəninə hökm oxundu
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Təbriz MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Proses hakim Şəlalə Həsənovanın sədrlik etdiyi məhkəmədə keçirilib. Məhkəmə hökmü ilə Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Talış Məhəmmədov isə 1 il sınaq müddəti olmaqla, 3 il şərti cəza alıb. Qeyd edək ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan 14 milyon manat mənimsəyib. Bu cinayət yolu ilə əldə edilən vəsait isə “Atlant” İstirahət Mərkəzinin təmir və tikinti işlərinə sərf edilib. Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, mərkəzin şəriklərindən biri hesab olunur. Məhkəmə çərçivəsində “Atlant” İstirahət Mərkəzinin əmlakına həbs qoyulub. Əgər vəziyyət belə davam etsə, Hacıyevə verilən hökm əsasında bu əmlak zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər. Məhkəmədə ehtimal olunan çirkin fəaliyyətlərlə bağlı Tahir Qədəşovun da məsuliyyətə cəlb olunması tələb olunub. “Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində, dəniz sahilində yerləşir.