Qış yaxınlaşır: Bu binaların sakinləri soyuqdan donacaqlar

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda istilik haqlarını ödəməyən binaların sakinlərinə qış fəslində istilik verilməyəcək. Bu barədə "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Qurumun açıqlamasına görə, xüsusilə məcburi köçkünlər üçün inşa edilmiş yaşayış komplekslərində sakinlər arasında ödənişdən kütləvi yayınma halları müşahidə olunur.
Məlumata görə, Ağcabədi rayonunda 121,3 min manat dəyərində xidmət üçün yalnız 17,5%, Tərtər rayonunda 255,2 min manat dəyərində xidmətin yalnız 24,6%, Bərdə rayonunda 319,6 min manatlıq xidmət üçün 29,5% ödənilib. Eyni zamanda, Goranboy rayonunda 93,4 min manatlıq xidmətə görə 46%, Sabunçu rayonu Ramana qəsəbəsində isə 63,5 min manat dəyərində xidmət üçün yalnız 33,4% ödəniş edilib.
Bu dövrdə ödənişlərin təmin edilməməsi, ərazidə zəruri təmir və texniki xidmətlərin maliyyələşdirilməsini çətinləşdirir. Qurum, abonentləri borclarını ödəməyə və cari ödənişləri vaxtında etməyə çağırır. Ödəniş intizamının vacibliyi vurğulanır ki, bu həm öz mənzilinin, həm də qonşularının istilik təminatı üçün əhəmiyyətlidir.
Ekpert Fərid Cəfərlinin sözlərinə görə, istilik haqlarını ödəməyən abonentlər səbəbindən bütöv binanın istilik təminatının dayandırılması ciddi suallar yaradır. O, qanunvericiliyin bu suala hüquqi həll təmin etdiyini və borclu istehlakçıya görə istiliyin dayandırılmasının digərlərinə təsir etməməli olduğunu bildirib. Bununla yanaşı, 2025-ci ildən etibarən tətbiq olunmalı olan fərdi sayğacların quraşdırılması və istilik istehlakının düzgün hesablanması da müzakirə mövzusu olub.
Bu məsələnin müasir üsullarla həll olunması, istilik təchizatının idarəetmə sistemini müasirləşdirməklə mümkün görünür. Vətəndaşların istifadə etdiyi xidmətlərə görə məsuliyyət daşıması, lakin digər abonentlərin borcuna görə cəzalandırılmaması prinsipinin vacib olduğu vurğulanır. Əsas məsələ, bu prinsiplərin real həyatda icrasıdır.