Üç yüz min manatlıq dələduzluqda ittiham olunan şəxs həbs edilib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sahibkarlara qarşı dələduzluqda ittiham olunmuş Nadir Allahverdiyevin cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmədə hakim Nəymət Məmmədovun sədrliyi ilə baş tutan iclasda tərəflərin anket məlumatları dəqiqləşdirilib və onlara hüquq və vəzifələri izah olunub.
Zərərçəkmiş tərəf Nadir Allahverdiyev barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Məhkəmə bu vəsatəti təmin edərək, onun məhkəmə zalında həbs edilməsi və cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib. Məhkəmənin növbəti iclasının noyabrın 23-nə təyin edildiyi bildirilib.
Nadir Allahverdiyev spirtli içkilər və ət satışını həyata keçirən şəxslərdən məhsulları alaraq, öhdəliklərini yerinə yetirməyib. Bunun nəticəsində zərərçəkmişlərə 300 min manata yaxın ziyan dəyib. İttiham edilən şəxs, istintaq dövründə 40 min manat ödəyib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunur, bu maddə dələduzluğu külli miqdarda törədilməsi ilə bağlıdır. Zərərçəkmiş şəxslər arasında "Polad SR" MMC, "Organic Line" QSC, ALKO LMD AZƏR SPİRT 2024 MMC və Kamran İsayev yer alır.