Xəzərin sahilboyu əraziləri bu quruma verildi

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Xəzər dənizinin sahilboyu ərazilərində torpaqların idarə olunması və mühafizəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) həvalə edilib. Prezident İlham Əliyev bu barədə müvafiq fərmanı imzalayıb.
Fərmana əsasən, sahilboyu ərazilərdəki dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi də ƏMDX-ya tapşırılır. Bunun üçün Dövlət Xidmətinin işçi sayı 40 ştat vahidi artırılacaq. Nazirlər Kabineti isə altı ay müddətində sahilboyu ərazinin statusunu müəyyən etdikdən sonra təkliflərini Prezidentə təqdim etməlidir.
Eyni zamanda, ətraf mühitin mühafizəsi və turizm sahələrində dövlət orqanlarının idarəetmə funksiyalarının koordinasiya olunması üçün hüquqi bazanın təkmilləşdirilməsi planlaşdırılır. Bu, sahilboyu ərazilərdə normativ hüquqi aktların hazırlığını, qanunsuz zəbt hallarının qarşısını almaq məqsədini güdür.
Nazirlər Kabineti, habelə, Xəzərin Azərbaycan bölməsində su səthinin vəziyyəti, sahil sərhədləri və ərazi ölçüləri ilə bağlı qrafik təsvirlərin təqdimatını həyata keçirməlidir. Bununla yanaşı, İqtisadiyyat Nazirliyinə Coğrafi İnformasiya Sistemləri ilə birlikdə müvafiq xəritələrin və məlumatların saxlanılması üçün sistemin yaradılması tapşırılıb.
Fərman əsasında torpaqların idarə edilməsi "bir pəncərə" prinsipi qəbul edilərək Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. İqtisadiyyat Nazirliyi, illik hesabatlar vasitəsilə görülən işlər barədə Prezidentə məlumat verməli olacaq.