300 minlik dələduzluq: Məhkəmə zalında həbs olundu

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Sahibkarlara qarşı dələduzluq iddiası ilə Nadir Allahverdiyev barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nəymət Məmmədovun rəhbərliyi ilə keçirilən iclasda zərərçəkmiş tərəflərin anket məlumatları dəqiqləşdirilib və onlara hüquq və vəzifələri izah edilib.
Zərərçəkmişlər Nadir Allahverdiyevin məhkəmə zalında həbs edilməsini xahiş ediblər. Məhkəmə zərərçəkmişlərin təqdim etdiyi vəsatəti nəzərə alaraq, təqsirləndirilən şəxsin məhkəmə zalında həbs edilməsi barədə qərar qəbul edib.
Allahverdiyev, spirtli içkilərin və ət satışını həyata keçirən şəxslərdən məhsul alaraq, öhdəliklərini yerinə yetirməyib. Bu səbəbdən, zərərçəkmişlərə 300 min manata yaxın ziyan vurduğu iddia edilir. İttihama görə, Nadir Allahverdiyev istintaq dövründə 40 min manat ödəmə edib və onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Məhkəmənin növbəti iclası noyabrın 23-nə təyin edilib. Nadir Allahverdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq, külli-miqdarda törədildikdə) ittiham olunur. Zərərçəkmiş tərəflər arasında "Polad SR" MMC, "Organic Line" QSC, "ALKO LMD AZƏR SPİRT 2024 MMC" və Kamran İsayev mövcuddur.