Ezonn Xəbər

Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR

Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Qış mövsümünün başlanması ilə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi müzakirə olunur. Hazırda əhali üçün illik qaz limitləri 1200 kubmetrədək olan hissədə hər kubmetrin qiyməti 12,5 qəpik, 1200-2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən yuxarı istehlak isə 30 qəpikdir. Elektrik enerjisi üçün isə aylıq 200 kVt-saata qədər 8,4 qəpik, 200-300 kVt-saata qədər 10 qəpik, 300 kVt-dan yuxarı isə 15 qəpik müəyyən edilmişdir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a verdiyi açıqlamada, qaz və işıq tariflərinə yenidən baxılmasına ehtiyac olduğunu vurğulayıb. Bayramov, xüsusilə dağlıq rayonlar üçün limitlərin tənzimlənməsinin vacib olduğunu deyib: "Qışın sərtləşməsi ilə dağlıq rayonlarda yaşayanların təbii qaz istehlakı artır, bu da xərclərin artımına səbəb olur. Limitlərin dəyişdirilməsi və daha ucuz tariflərin tətbiqi vətəndaşlarımızın yükünü azaldacaq." Bayramov, elektrik enerjisi ilə bağlı oxşar yanaşmanın da tətbiqinin vacibliyini qeyd edib. O, beynəlxalq təcrübədə gecə və gündüz tariflərinin istifadəsinin genişləndirilməsini də gündəmə gətirib: "Gecələr elektrik enerjisi tariflərinin aşağı olması, özəl sektorun və iş adamlarının daha ucuz qiymətə enerji istifadə etməsinə kömək edir. Bu, eyni zamanda istehsal xərclərini azaldır." Deputat bildirib ki, bu məsələlər artıq komitə iclaslarında müzakirə olunub və müvafiq dövlət qurumunun qiymətləndirməsindən sonra qərar verilməsi gözlənilir.