ADY rəhbərliyi Gürcüstanda dəmir yolu daşımaları üzrə işlərlə tanış olub

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Dəmir Yolları (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda Böyük Kəsik, Qardabani və Tbilisi dəmir yolu stansiyalarına səfər edib. Bu ərəfədə iki ölkə arasında dəmir yolu daşımalarının daha səmərəli şəkildə təşkili müzakirə olunub.
Səfərin əsas məqsədi, ünvanlarda sərhəd-keçid proseslərinin sürətləndirilməsi və iki ölkə arasında dəmir yolu əlaqələrinin inkişafıdır. ADY-dən verilən məlumata görə, sərhəd boyunca yük və sərnişin qatarlarının keçid müddətinin azaldılması, gömrük nəzarət prosedurlarının optimallaşdırılması və qatarların fasiləsiz hərəkətinin təmin edilməsi əsas müzakirə mövzuları arasında olub.
Qardabani və Tbilisi stansiyalarında daşımaların təşkili və əməliyyat proseslərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib. Tərəflər, əməliyyat mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq, texniki prosedurların sadələşdirilməsinin və məlumat mübadiləsinin operativliyinin artırılmasının əhəmiyyətini qeyd ediblər.
Muzakirələrdə, Azərbaycan və Gürcüstan dəmir yolları arasında əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların icra vəziyyəti də diqqət mərkəzində olub. Xüsusilə Böyük Kəsik–Tbilisi–Böyük Kəsik marşrutunda qatarların fasiləsiz hərəkətinin təşkili sahəsində müsbət nəticələr əldə olunub. Yeni əməliyyat yanaşmaları yük qatarlarının sərhəddən keçid müddətini iki dəfə azalda bilir.
Bu tədbirlər, Azərbaycan və Gürcüstan arasında dəmir yolu əlaqələrinin gücləndirilməsinə, beynəlxalq yükdaşımaların operativliyinin artırılmasına, tranzit müddətinin qısalmasına və Orta Dəhlizin rəqabətqabiliyyətinin yüksəlməsinə xidmət edir.