Ezonn Xəbər

Azərbaycanda kirayə mənzillər 6%-ə yaxın bahalaşıb – Bu qurum isə ucuzlaşma üçün əsas görmür

Azərbaycanda kirayə mənzillər 6%-ə yaxın bahalaşıb – Bu qurum isə ucuzlaşma üçün əsas görmür
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. 2026-cı ilin sentyabr ayında Azərbaycanda kirayə mənzil haqları ötən ilin eyni ayı ilə müqayisədə 5,7%, avqust ayına nisbətən isə 1,9% artmışdır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyabr ayı üzrə dərc etdiyi “Pul Siyasəti İcmalı”nda məlumat verilir. İcmala əsasən, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) hesabatlarına görə, sentyabrda yeni tikili mənzillərdə kirayə qiymətləri 3,1%, köhnə tikililərdə isə 1,1% artmışdır. Belə ki, yeni tikililərdə median aylıq kirayə haqqı 1 000 manat, köhnə tikililərdə isə 700 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin üçüncü rübündə ölkənin mənzil bazarındakı qiymət indeksi illik 8,4% artıb. İlkin mənzil bazarındakı bahalaşma 10,4%, təkrar bazarda isə 8,4% olub. AQP-nin sədr müavini Günay İsmayılqızı bildirir ki, kirayə bazarındakı bahalaşmanın əsas səbəbləri iqtisadi, demoqrafik və struktur amillərdir. İsmayılqızının sözlərinə görə, mənzil satış qiymətlərinin artması, ev almaq imkanları məhdud olan əhalinin kirayə bazarına yönəlməsinə səbəb olur. Bakıda ali təhsil müəssisələrinin və iş yerlərinin cəmləşməsi də tələbi artırır. Lakin aşağı və orta gəlirli əhali üçün əlçatan mənzil təklifi eyni sürətlə genişlənmir. AQP rəsmisi, kirayə qiymətlərinin kəskin ucuzlaşmasını yaxın aylarda gözləmir. Bununla yanaşı, mövsümi tələbin zəifləməsi nəticəsində bəzi seqmentlərdə qiymətlərin sabitləşməsi mümkündür. Xüsusilə metro stansiyalarına, universitetlərə və iş mərkəzlərinə yaxın ərazilərdə qiymətlərin yüksək qalması ehtimalı daha böyükdür.