Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında bəzi köhnə paylaşımlarda istifadəçilərin başqa səhifələrə yönləndirilməsi, hesabların ələ keçirilməsi ilə deyil, Bitly xidmətindəki təhlükəsizlik problemləri ilə bağlı olduğu bildirilib. Bu məlumatı informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yaymışdır.
Gündüzün verdiyi məlumata görə, internet keçidlərini qısaldan Bitly xidmətindəki boşluqdan istifadə edilərək bəzi köhnə keçidlər yeni məzmunlarla əvəzlənib. Rəsmi paylaşımlarda isə heç bir dəyişikliyin olunmadığı qeyd edilir.
Ekspert bu hadisənin yalnız Azərbaycana qarşı yönəlmiş hücum kimi qiymətləndiriləməyəcəyini vurğulayıb. O, bu cür halların Donald Tramp, Bill Qeyts və digər tanınmış şəxslərin sosial şəbəkə hesablarında da baş verdiyini diqqətə çatdırmışdır.
Osman Gündüz, baş verənlərin kibertəhlükəsizlik sahəsində fasiləsiz nəzarətin vacibliyini göstərdiyini bildirib. O, dövlət qurumlarının istifadə etdikləri xarici xidmət və texnologiyaları mütəmadi auditdən keçirməsinin əhəmiyyətini vurğulayaraq, köhnə keçidlərin yoxlanması və riskli olanların deaktiv edilməsinin tövsiyə edildiyini qeyd edib.
Daha əvvəl Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumların müşahidə olunduğu xəbərləri verilmişdi. Aidiyyəti qurumlar hücumların qarşısını almaq və araşdırmaq üçün müvafiq tədbirlər görmüşlər.