Qaz və işıq limitləri yenidən baxıla bilər

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Qış mövsümünün gəlməsi ilə Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi limitlərinə yenidən baxılması məsələsi aktuallaşıb. Hal-hazırda, əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200–2500 kubmetr arasında 22 qəpik, 2500 kubmetrdən yuxarı istehlak isə 30 qəpiklə hesablanır.
Elektrik enerjisi üçün isə aylıq istehlak həcminin 200 kVts-a qədər olan hissəsi üçün tarif 8,4 qəpik, 200 kVts-dan 300 kVts-a qədər 10 qəpik, 300 kVts-dan yuxarı isə 15 qəpik olaraq müəyyən edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun Modern.az-a verdiyi məlumata görə, qaz və işıq tariflərinə yenidən baxılmasına ehtiyac var. O, dağlıq rayonlar üçün limitlərin tənzimlənməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu rayonlarda yaşayan sakinlər qışda istilik üçün daha çox təbii qaz istifadə edirlər, bu isə onların xərclərinin artmasına səbəb olur.
Bayramov, elektrik enerjisi üzrə də eyni praktikanın tətbiq edilməsi lazım olduğunu qeyd edib. O, gecə və gündüz tariflərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübəni misal gətirərək, bu yanaşmanın yerli iş adamlarının xərclərinin azalmasına kömək edə biləcəyini bildirib.
Deputat, müvafiq dövlət qurumu tərəfindən bu məsələlərin qiymətləndiriləcəyini və daha sonra qərar veriləcəyini əlavə edib.