Sovet dövrünün binalarının dövlət hesabına təmir edilməsi təklif olunur

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Bu gün Milli Məclisin plenar iclasında deputat Azay Quliyev Bakıda tikilmiş sovet dövrü kooperativ binalarının dövlət hesabına təmir edilməsini təklif edib. Deputat, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bu məsələni gündəmə gətirib.
Azay Quliyevin sözlərinə görə, büdcə layihəsində dövlət balansında olan yaşayış binaları üçün dam örtüklərinin, fasadlarının və pilləkən qəfəslərinin təmiri məqsədilə 60 milyon manat ayrılması nəzərdə tutulsa da, kooperativ binalar dövlət balansında olmadığı üçün bu dəstəkdən faydalana bilmir.
Deputat bildirib ki, kooperativ binaların saxlanması sakinlərin məsuliyyətinə verildiyi üçün onlar dövlətin dəstəyindən istifadə edə bilmir. "Hüquqi baxımdan hökumətin bu yanaşması düzgün olsa da, problemi həll etmir," – deyə Quliyev vurğulayıb.
Problemin aradan qaldırılması üçün deputat iki variantı ortaya qoyub: "Ya həmin binalar dövlət balansına keçirilsin, ya da onların təmiri üçün birdəfəlik maliyyə vəsaiti ayrılsın. Təmir edildikdən sonra binaların saxlanılması sakinlərin öhdəliyinə verilməlidir."