Ezonn Xəbər

“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Bolqarıstanın paytaxtı Sofiyada noyabrın 11-də Zəfər Gününə həsr olunmuş "Azərbaycan xalçaları: İrsin ilmələri" sərgisi açılıb. Açılış tədbiri "PAŞA Holding", onun törəmə şirkətləri olan "PAŞA Bank" və "Kapital Bank"ın dəstəyi ilə reallaşıb. Sərgi Azərbaycanın zəngin xalçaçılıq mədəniyyətini beynəlxalq səviyyədə tanıtdırmaq məqsədini güdür. Sərgi "Azərxalça" ASC və Bolqarıstan Milli Etnoqrafiya Muzeyi tərəfindən birgə təşkil edilib. Tədbir çərçivəsində beş ənənəvi Azərbaycan xalçası – "Açma-yumma", "Qarabağ", "Naxçıvan", "Pazırıq" və "Şəbəkəli" – Bolqarıstan Milli Etnoqrafiya Muzeyinə hədiyyə edilib. Bu nümunələr Azərbaycanın milli mədəni irsinin tanıdılmasına və iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verməyi hədəfləyir. Sərgidə ənənəvi xalçaların yanında müasir dizayn əsərləri də nümayiş olunub. Rüfət İsmayıl, Rəşad Ələkbərov, Aydan Salahova, Samirə Allahverdiyeva və Səma Məmmədlinin işləri sərginin ekspozisiyasında yer alıb. Bu sərgi, milli xalçaçılıq sənətinin zəngin ənənələrini müasir kontekstdə təqdim etməkdir. Açılış mərasimində Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov və "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov çıxış edərək, milli irsin qorunmasının önəmini vurğulayıblar. PAŞA Holding, korporativ sosial məsuliyyət çərçivəsində mədəniyyət və incəsənət sahəsində həyata keçirilən təşəbbüslərlə Azərbaycanın milli dəyərlərinin dünyada tanıdılmasını davam etdirir.