İordaniyadan sonra İraqda da "Telegram" bloklanıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
İraqda “Telegram” mesajlaşma tətbiqi ölkə üzrə bloklanıb. İraqın Kommunikasiyalar və Media Komissiyası (CMC) tərəfindən qəbul olunan qərar, platformanın qanun pozuntuları ilə bağlı yayılan məzmunu aradan qaldırmaq üçün lazımi tədbirlər görməməsi səbəbilə həyata keçirilib.
Komissiyanın açıqlamasında bildirilib ki, “Telegram” platformasına hüquqi statusunu qaydaya salması üçün 30 günlük müddət verilib. Lakin bu müddət ərzində tələb olunan dəyişikliklər reallaşmadığı üçün platformaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq olunub. Komissiya qərarın məqsədinin İraq məzmununa nəzarəti gücləndirmək, qanun pozuntularının qarşısını almaq və platformanın hüquqi statusunu müvafiq qaydada təmin etmək olduğunu vurğulayıb.
Qərarın sosial media platformalarında ekstremist çağırışların, zorakılığın və nifrətin yayılmasının qarşısını almaq məqsədini güddüyü də qeyd edilib. CMC, bu addımın eyni zamanda milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərin qarşısını almağa yönəldiyini bildirib.
Xatırladaq ki, bu hadisə eyni zamanda İordaniya İctimai Təhlükəsizlik İdarəsi tərəfindən “Telegram” platformasının da bloklandığı gün həyata keçirilib. İordaniya, bu qərarın onlayn platformalardakı ekstremizmin yayılmasının qarşısının alınması məqsədilə olduğunu açıqlayıb.