İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı dövlət sektorunda aparılan struktur islahatlarının özəl sektorda yeni iş yerlərinin yaradılması ilə müşayiət olunmasının gərəkdiyini bildirib.
Orucun verdiyi məlumata görə, 2019-cu ildə dövlət sektorunda muzdla çalışanların sayı 916 min nəfərdən çox olub, hal-hazırda isə bu göstərici 837 min nəfər civarındadır. O qeyd edib ki, cari ilin ilk doqquz ayı ərzində dövlət sektorunda çalışanların sayı 29 min nəfər azalmış, qeyri-dövlət sektorunda isə 11,8 min nəfər artıb.
Zahid Oruc, problematik vəziyyətin dövlət sektorunun böyüklüyü ilə deyil, özəl sektorun inkişafının məhdud qaldığı ilə əlaqədar olduğunu vurğulayıb. "Dövlət sektorunun mütləq sayını azaltmadan da onun iqtisadiyyatdakı nisbi çəkisini aşağı salmağın daha effektiv yolu, ştatların ixtisarı əvəzinə özəl sektorda yeni iş yerləri yaratmaqdır," - deyə Oruc bildirib.
Deputat, eyni zamanda, dövlət qurumlarında optimallaşdırma aparılarkən peşəkar kadrların itirilməməsinə özel olaraq diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O, ixtisarların meyarlarının əvvəlcədən kollektivlərə açıqlanmasını və təcrübəli mütəxəssislərin vahid kadr ehtiyatı bazasına qeyd olunmasını təklif edib.
Zahid Oruc, son beş il ərzində həyata keçirilən optimallaşdırma tədbirlərinin sosial-iqtisadi nəticələrinin ayrıca qiymətləndirilməsinin də önəmli olduğunu qeyd edib.