İKTA-ya müraciətlər 80 mindən çox avadanlığı əhatə edib, 84%-nə icazə tələb olunmayıb

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
2026-cı ilin yanvar-oktyabr ayları arasında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 10 706 radio avadanlığının mülki dövriyyəsinə icazə verib. Eyni dövr ərzində idxal olunmuş 67 812 avadanlıq üzrə isə icazə tələb olunmadığı məlum olub.
Banker.az xəbər verir ki, hüquqi və fiziki şəxslərin İKTA-ya ünvanladığı 1 050 müraciət 80 331 avadanlığı əhatə edir. Müraciətlərdə yer alan avadanlıqların 84,4%-i üçün icazə tələb olunmayıb, yalnız 13,3%-nə icazə verilib. Bununla yanaşı, 218 avadanlıq üzrə imtina qərarı çıxarılıb.
Son üç ayda müraciətlərdə göstərilən avadanlıqların sayı iki dəfədən çox artıb. İKTA-nın statistik məlumatlarına əsasən, əvvəlki yeddi ay ərzində müraciətlər 39 268 avadanlığı əhatə etmişdi, bu dövrdə isə 9 990 avadanlığa xüsusi icazə verilib. On aylıq yekunda avadanlıqların sayı artmasına baxmayaraq, icazə verilən avadanlıqların sayı 716 ədəd artıb, bu da 7,2%-lik artıma işarədir.
Agentlik, sürətli poçt xidməti üzrə lisenziya və ya lisenziya əlavəsi üçün daxil olan 294 müraciəti də qiymətləndirib. Nəticədə, 253 fəaliyyət ünvanına müsbət rəy verilib, 41 müraciət isə müsbət rəy almamaqla nəticələnib.