Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasının üzvü seçilib. Bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb. Ölkə, eyni zamanda BTİ-nin Radio Tənzimləmə Komitəsinə də üzv olmaq hüququ qazanıb.
Noyabrın 16-da Doha şəhərində keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransı çərçivəsində Azərbaycan 2027–2030-cu illər ərzində BTİ Şurasına üzv seçilib. Azərbaycan, Şərqi Avropa və Şimali Asiya regionunu təmsil edərək bu seçkilərdə 129 səs toplayıb.
Eyni zamanda, "AZCON Holding"ə daxil olan Azərbaycan Kosmik Agentliyinin əməkdaşı Sitarə Mehdiyeva, 2027–2030-cu illərdə Radio Tənzimləmə Komitəsinin (RTK) üzvü seçilib, burada da Azərbaycan 111 səs toplayaraq uğur qazanıb.
BTİ, qlobal radio tezliklərin bölüşdürülməsi, peyk orbitləri və informasiya-kommunikasiya texnologiyaları üzrə beynəlxalq standartların idarə edilməsi ilə məşğuldur. Azərbaycan, 1992-ci ildən bu təşkilatın üzvüdür və 2014, 2018 və 2022-ci illərdə ardıcıl olaraq Şuraya, 2018 və 2022-ci illərdə isə RTK-ya seçilib.
BTİ Şurasında təmsilçilik, Azərbaycan üçün təşkilatın strateji prioritetlərinin müəyyənləşdirilməsi və mühüm qərarların qəbulunda birbaşa iştirak etmək imkanı təmin edir. Radio Tənzimləmə Komitəsindəki iştirak isə Azərbaycanın radiotezlik və peyk orbitlərinin tənzimlənməsi sahəsində daha effektiv şəkildə maraqlarını müdafiə etməsinə kömək edəcək.