Ezonn Xəbər

Naxçıvanda payızlıq taxıl əkini 92% artıb

Naxçıvanda payızlıq taxıl əkini 92% artıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Bu günə qədər Naxçıvan Muxtar Respublikasında 13 min 427,7 hektar sahədə dən üçün payızlıq taxıl səpini həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 91,9% artım deməkdir. Prezidentin Naxçıvandakı Səlahiyyətli Nümayəndəliyinə istinad edərək, xəbərdə qeyd olunur ki, bu il payızlıq taxıl əkini üçün nəzərdə tutulan 22 800 hektar sahənin 76%-də şum, 59%-də isə səpin işləri həyata keçirilib. Payız əkini üçün 17 min 454,3 hektar sahə şumlanıb ki, bu da 1 il əvvələ nisbətən 7 min 264,3 hektar və yaxud 71,3% artımı göstərir. Həm buğda, həm də arpa əkinlərinin sahəsi əhəmiyyətli dərəcədə genişlənib. Ötən il 2 min 494,1 hektar olan payızlıq buğda səpin edən sahə, bu il 4 min 943,9 hektara yüksələrək təxminən iki dəfə artmışdır. Eyni zamanda, payızlıq arpa əkin sahəsi isə 4 min 504,3 hektardan 8 min 483,8 hektara qədər artırılıb. Muxtar respublikanın rayonları arasında payızlıq taxıl əkini üzrə ən yüksək artım tempo Culfa rayonunda qeydə alınıb, burada sahə 3,9 dəfə artaraq 2 min 865,2 hektar olmuşdur. Əkin sahələrinin genişləndirilməsi, aqrar sahənin inkişafı məqsədilə həyata keçirilən tədbirlər və kənd təsərrüfatı istehsalçılarına göstərilən dəstək müsbət nəticələr verməyə davam edir. Dövlət subsidiyalarının vaxtında ödənilməsi, gübrə və sertifikatlı toxumların təminatı da bu prosesi stimullaşdıran amillər arasında yer alır. Su ehtiyatlarının səmərəli idarə olunması, suvarma sistemlərinin yenidən qurulması və su itkilərinin azaldılması da əkinlər üçün əlverişli şəraitin yaradılmasına kömək edir. Bu tədbirlər, Prezidentin 21 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı" çərçivəsində reallaşdırılır.