600 və daha yüksək bal toplayan gənclərin hərbi xidməti ilə bağlı YENİLİK

Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir.
Müdafiə Nazirliyi, yüksək akademik nəticə göstərən gənclərin bilik və bacarıqlarını səmərəli istifadə etmək məqsədilə yeni bir layihəni həyata keçirir. Bu layihə, gənclərin hərbi xidmət dövründə öz peşəkar imkanlarını inkişaf etdirmək və müasir müdafiə sisteminə uyğunlaşmalarına yönəldilib.
Yeni mərhələdə Milli Müdafiə Universitetinin intellektual bölmələrinin əhatə dairəsi genişlənib. Artıq bu bölmələr, informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, robototexnika və proqramlaşdırma kimi müasir sahələrdə peşəkar səriştələrin də toplanması üçün nəzərdə tutulur. Beləliklə, çağırışçılara müvafiq biliklərə malik olan gənclərin daha sistematik cəlb edilməsi təmin ediləcək.
Layihənin əsas məqsədlərindən biri, çağırışçıların ixtisas profilini real hərbi xidmət ehtiyacları ilə uyğunlaşdırmaqdır. Bu yanaşma, gənclərə hərbi xidmət dövründə öz ixtisasları üzrə təcrübə qazanmaq və yeni biliklər əldə etmək imkanı verir. Eyni zamanda, layihə xaricdə təhsil almış gənclərin hərbi xidmətə marağını artıracaq.
Seçim meyarlarına uyğun gələn gənclər arasında, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış şəxslər, müsabiqədənkənar qəbul olunan beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri, xarici ali təhsil müəssisələrinin məzunları və müvafiq sahələrdə beynəlxalq sertifikatlara malik gənclər yer alır.
Müdafiə Nazirliyinin tabeliyindəki müddətli həqiqi hərbi xidmət keçəcək gənclər, Milli Müdafiə Universitetinin saytında yerləşən "İntellektual bölmələr" hissəsindən elektron müraciət edə bilərlər. Daha ətraflı məlumat üçün müvafiq portalın "Sənədlər" bölməsi və Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.