Terminallardan 500 manatdan çox ödəniş edənlərin diqqətinə!

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Ödənişlərin təhlükəsizliyini artırmaq və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq edilir. Bu qayda, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilərə tətbiq ediləcəkdir.
Yeni qaydaya əsasən, belə ödənişlər üçün istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsal platformalar vasitəsilə təsdiqləməlidirlər. Bu proses, Milliön terminallarında Bir ID, SİMA və ya MyGov vasitəsilə gerçəkləşir. Xüsusilə Bir ID istifadə edənlər üçün təsdiq prosesi Birbank tətbiqi vasitəsilə həyata keçirilə bilər.
Ödəniş etdikdə, müştərilər terminalda istədikləri xidməti seçərək məbləği daxil etməlidirlər. Əgər məbləğ 500 AZN-dən çoxdursa, terminalın ekranında təsdiq üçün Bir ID, SİMA və ya MyGov seçimləri görsənəcəkdir. Seçim edildikdən sonra, terminalda QR kod əks olunacaq.
İstifadəçilər telefonlarındakı müvafiq tətbiqi açaraq QR kodu skan edərək şəxsiyyətlərini təsdiq etdikdən sonra ödənişlərini həyata keçirə biləcəklər. Bu dəyişiklik, nağd ödənişlərin təhlükəsizliyini daha da artırmağı hədəfləyir.