Bakı İcra Hakimiyyətində yeni struktur dəyişiklikləri

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri həyata keçirilib. Yeni kadr təyinatları ilə bağlı müvafiq əmrləri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov imzalayıb.
Yenidən təşkil edilərək yaradılan İctimai-siyasi məsələlər şöbəsi, İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin yerini alıb. Eyni zamanda, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi ləğv edilərək, yeni şöbəyə birləşdirilib. Bu dəyişikliyin nəticəsində Elmin İmanov yeni yaradılan şöbənin müdiri, Cavid Fərhadov isə müavin olaraq təyin edilib.
Mənzil fondunun uçotu şöbəsi, Şəhər təsərrüfatı şöbəsinə birləşdirilərək yeni adla Şəhər təsərrüfatı və mənzil fondunun uçotu şöbəsi adını alıb. Bu şöbəyə Məmməd Qasımov rəhbərlik edəcək. Eyni zamanda, Tikinti məsələləri şöbəsi Nəzarət-təftiş şöbəsinə birləşdirildi və Nəzarət və tikinti məsələləri şöbəsi yaradıldı. Yeni şöbəyə Zülfəli İsmayılov müdür olaraq təyin edilib.
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, adını dəyişərək Ərazi-təşkilat məsələləri şöbəsi oldu. Bu şöbənin müdiri Anar Tağıyev vəzifəsində saxlanılıb. Nəticədə, Sosial-iqtisadi inkişafın təhlili şöbəsinin adı dəyişdirilərək Sosial-iqtisadi məsələlər və mədəni irsin qorunması şöbəsi adı ilə fəaliyyət göstərəcək.