Ezonn Xəbər

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib
Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir. Noyabrın 16-da Bakının Suraxanı rayonunda Qaraçuxur İdman Zalının açılışı baş tutub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. Gənclər və idman naziri Fərid Qayıbov, Leyla Əliyevaya idman zalında yaradılan şərait haqqında məlumat verib. Zaldakı tikintilər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" əsasında həyata keçirilib. İdman zalının ərazisi 0,27 hektar, tikintialtı sahəsi 987 kvadratmetr, ümumi sahəsi isə 1115 kvadratmetrdir. Baş plana əsasən, burada ikimərtəbəli idman zalı, açıq hava idman meydançası, uşaqlar üçün minifutbol meydançası və yer tipli şahmat sahəsi inşa edilib. İdman zalının birinci mərtəbəsində 30x18 metr ölçüdə, 25 tamaşaçı yeri olan universal zal fəaliyyət göstərəcək. Burada gimnastika, güləş, taekvondo, karate, cüdo, badminton, uşaq voleybolu və basketbol idman növləri üzrə məşqlərin keçirilməsi mümkündür. İkinci mərtəbədə aerobika və rəqs məşqləri üçün zal, eləcə də trenajor zalı yaradılıb. Zalda paltardəyişmə otaqları, məşqçilər üçün otaq, həkim otağı və digər inzibati sahələr də mövcuddur. Eyni zamanda, birinci mərtəbədə kafenin fəaliyyəti də nəzərdə tutulub.