Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak etdi

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakının Suraxanı rayonunda yerləşən Qaraçuxur İdman Zalının açılış mərasimində iştirak edib.
Gənclər və idman naziri Fərid Qayıbov, açılış zamanı Leyla Əliyevaya idman zalında yaradılan şərait haqqında məlumat verib. Bildirilib ki, idman zalının tikintisi Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.
İdman zalının ümumi sahəsi 1115 kvadratmetrdir və ərazisi 0,27 hektar təşkil edir. Tikintiylə bağlı baş plana uyğun olaraq, burada ikimərtəbəli idman zalı, açıq hava idman meydançası, uşaqlar üçün minifutbol meydançası və yer tipli şahmat sahəsi inşa olunub.
Açıq hava meydançası, ətrafdakı sakinlərin, xüsusilə də uşaqların və gənclərin gündəlik idmanla məşğul olmalarını təmin etmək üçün müvafiq avadanlıqlarla təchiz edilib. İkimərtəbəli binanın birinci mərtəbəsində 30×18 metr ölçüsündə universal zal fəaliyyət göstərəcək.
Zalda bir sıra idman növləri – gimnastika, güləş, taekvondo, karate, cüdo, badminton, uşaq voleybolu və basketbol üzrə məşqlərə və yarışlara imkan yaradılacaq. İkinci mərtəbədə aerobika və rəqs məşqləri üçün zal, trenajor zalı, paltardəyişmə otaqları və mətbəx də fəaliyyət göstərəcək.