3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
“Azenco” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyev 3 milyon 700 min manat mənimsəmədə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində hüquq-mühafizə orqanlarının təqdim etdiyi sübutlar araşdırılıb. Prosesdə iştirak edən "Azenco"nun nümayəndəsi məhkəmənin qapalı keçirilməsini tələb etsə də, müdafiə tərəfi bu vəsatəti rədd edib.
Məhkəmədə çıxış edən şirkətin mühasibi Azər Məmmədəliyev bildirib ki, Vüqar Əliyevi 2020-ci ildən tanıyır və onun adına açılmış biznes-kart vasitəsi ilə müxtəlif xərclər ödənilib. Azər Məmmədəliyev, kartdan 651 min manat xərcləndiyini qeyd edərək, onun istifadə edilməsi ilə bağlı məlumatların Vüqar Əliyevə çatdırıldığını ifadə edib.
Vüqar Əliyev isə, şirkətin işləri üçün nağd pula ehtiyac olduğunu, bunun da Azər Məmmədəliyevlə müzakirə olunduğunu bildirdi. O, qeyd etdi ki, nağd köçürmələr olub, lakin bunlar şirkətin daxili problemlərinin həlli üçün həyata keçirilib. Azər Məmmədəliyev, Vüqar Əliyevdən alınan pulların qəbzlərlə rəsmi şəkildə qeyd edildiyini də açıqladı.
Məhkəmədəki dinləmələr zamanı Vüqar Əliyevin sərhədsiz səlahiyyətlərə malik olduğu və bu səlahiyyətlərin "Azenco" idarə heyətinin sədri Hafiz Seyidov tərəfindən verildiyi bildirilib. 2021-2024-cü illər arasında şirkət, "Şahdağ" futbol klubunu maliyyələşdirib.
Daha sonra şahid sahibkar Kamran Həsənov da ifadə verib. O, "Azenco" ilə bağladığı müqavilə əsasında işğaldan azad olunmuş bölgələrdə tikinti işləri aparması barədə məlumat verib. Həsənov, "Azenco"dan 506 min 800 manatlıq ödəniş etdiyini, ancaq bunun müqabilində heç bir sənəd ala bilmədiyini bildirib. Proses, Vüqar Əliyevin vəkili tərəfindən yeni vəsatətlə davam etdirilib.