Leyla Əliyeva Qaraçuxur idman zalının açılışında iştirak etdi

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakının Suraxanı rayonunda yerləşən Qaraçuxur İdman Zalının açılışına qatılıb. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, yeni zalın yaradılmış şəraiti ilə bağlı məlumat verib.
Qaraçuxur İdman Zalının tikintisi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilib. İdman zalının sahəsi 0,27 hektar, tikintialtı sahəsi 987, ümumi sahəsi isə 1115 kvadratmetrdir.
Müvafiq layihəyə əsasən, idman zalı ikimərtəbəli olaraq inşa edilib. Bu ərazidə açıq hava idman meydançası, uşaqlar üçün minifutbol meydançası və yer tipli şahmat sahəsi də yer alıb. Açıq hava meydançası, ətraf ərazidə yaşayan sakinlərin, xüsusilə uşaqların və gənclərin idmanla məşğul olmaları məqsədilə avadanlıqlarla təchiz edilib.
Zalın birinci mərtəbəsində 30x18 metr ölçüyə malik, 25 tamaşaçı yerinə sahib olan universal zal təşkil olunub. Burada gimnastika, güləş, taekvondo, karate, cüdo, badminton, uşaq voleybolu və basketbol idman növləri üzrə məşqlər təşkil ediləcək. İkinci mərtəbədə aerobika və rəqs məşqləri üçün ayrıca zal, eləcə də trenajor zalı xidmət göstərəcək. Həmçinin bina daxilində paltardəyişmə və duş otaqları, məşqçilər üçün otaq, həkim otağı və digər inzibati sahələr də mövcuddur.