Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 16-da Bakının Suraxanı rayonunda yerləşən Qaraçuxur İdman Zalının rəsmi açılışı gerçəkləşib. Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva iştirak edib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, idman zalında yaradılan şərait haqqında iştirakçılara ətraflı məlumat verib. İdman zalının tikintisi Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında, "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilib.
Qaraçuxur İdman Zalının sahəsi 0,27 hektar, tikintialtı sahəsi 987, ümumi sahəsi isə 1115 kvadratmetrdir. Burada ikimərtəbəli idman zalı, açıq hava idman meydançası, uşaqlar üçün minifutbol meydançası və şahmat sahəsi inşa edilib. Açıq hava idman meydançası ətraf yaşayış məntəqələrinin sakinləri üçün bədən tərbiyəsi və idmanla gündəlik məşğul olmaları məqsədilə avadanlıqlarla təchiz edilib.
İdman zalının birinci mərtəbəsində universial zal fəaliyyət göstərəcək. Bu zonada gimnastika, güləş, taekvondo, karate, cüdo, badminton, uşaq voleybolu və basketbol üzrə məşq və yarışlar olacaq. İkinci mərtəbədə isə aerobika və rəqs məşqləri üçün zal, eləcə də trenajor zalı yer alacaq. Müxtəlif əməliyyat otaqları, duş otaqları və kafeterya da binanın birinci mərtəbəsində yaradılıb.