İkinci Dünya Müharibəsinin bunkeri satışa çıxarıldı

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Almaniyanın paytaxtı Berlində yerləşən, İkinci Dünya müharibəsi dövrünə aid bomba sığınacağı satışa çıxarılıb. Şarlottenburq rayonundakı bu obyektin ilkin qiyməti 398 min avro olaraq müəyyən edilib. Bunker, şəhərin Kaiserdamm küçəsində yerləşən və 1906-cı ildən fəaliyyət göstərən yaşayış binasının zirzəmisindədir.
618 kvadratmetr sahəsi olan bunkerdə 18 otaq mövcuddur. Burada yerləşən ən böyük otağın sahəsi 183 kvadratmetrdir, tavanının hündürlüyü isə təxminən 5 metrdir. Hava hücumları zamanı bu bunker 250 nəfər üçün sığınacaq təmin edirdi. Müharibənin sonlarında isə obyektdə hərbi hospitalın fəaliyyət göstərdiyi ehtimal edilir.
Müharibədən sonra uzun müddət boş qalan bunker, 2021-2022-ci illərdə incəsənət layihələri və sərgilər üçün istifadəyə verilib. Hazırda onun anbar, şərab zirzəmisi, məşq məkanı, emalatxana və ya fotostudiya kimi istifadəsi mümkün hesab olunur. Ancaq istəyən alıcılar, obyektdə istilik sistemi, su və kanalizasiya təchizatı, müasir havalandırma sistemlərinin olmadığını nəzərə almalıdır.
Bunkerin aylıq saxlanma xərcinin 742,86 avro olduğu bildirilib. Hərrac dekabrın 17-də MOA Berlin hotelində keçiriləcək. Bu satış, Berlin administrasiyası tərəfindən şəhərdə mülki əhali üçün sığınacaqların çatışmazlığı müzakirələrinin davam etdiyi bir dövrə təsadüf edir. Rəsmi siyahıya görə, hazırda şəhərdə fəaliyyətə hazır olan bir ictimai sığınacaq yoxdur.
Soyuq müharibədən sonra Almaniyada ictimai sığınacaqların sistemi tədricən ləğv olunmuş, 2008-ci ildən etibarən bir sıra sığınacaqlar sökülüb və digərləri fərqli məqsədlər üçün istifadəyə verilib.