Fransada diş məcunu qadağan edəcək namizəd çıxış edib

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində Silven Dürif öz qeyri-adi vədləri ilə gündəmi zəbt edib. Özünü “Kosmik Məsih” və “Böyük Hökmdar” kimi təqdim edən Dürif, seçki proqramında ölkənin iqtisadiyyatı və gündəlik həyatına radikal dəyişikliklər təklif edir.
Dürifin proqramında diqqətçəkən ən mühüm məqam ölkədəki bütün vergilərin ləğvi və vətəndaşların mövcud borclarının tamamilə silinməsi vədidir. O, bu plan vasitəsilə yoxsulluğu aradan qaldıracağına inanır. Eyni zamanda, namizəd bütün həbsxanaların bağlanmasını təklif etsə də, cəza sisteminin gələcəyi ilə bağlı konkret plan təqdim etmir.
Dürifin gündəlik həyat tərzinə dair vədləri də cəlbedicidir. Seçilməsi halında, ölkədə Wi-Fi şəbəkələrinin, LED lampaların və tərkibi təbii olmayan diş məcunlarının istifadəsini qadağan etməyi planlaşdırır. Bu, onun məişət vərdişlərini köklü şəkildə dəyişdirmək istəyinin bir hissəsidir.
Eyni zamanda, Dürif, Fransada respublika idarəetmə sistemini dəyişərək yenidən monarxiya qurmağı hədəflədiyini bəyan edir. Qeyd edək ki, 2017-ci il prezident seçkilərində də iştirak etmək istəyən Dürif, lakin qanunvericilik tələblərinə görə 500 seçilmiş nümayəndənin imzasını toplaya bilmədiyindən rəsmi qeydiyyatdan keçə bilməmişdi.