Xocavənd, Cəbrayıl və Zəngilana daha 83 ailə köçürüldü

Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına ümumilikdə 83 ailə – 333 nəfər köçürülüb.
Bu mərhələdə köçürülən ailələr arasında Xocavənd şəhərinə 36 ailə – 140 nəfər, rayonun Quzeyxırman kəndinə isə 12 ailə – 45 nəfər daxildir. Cəbrayıl rayonunun Soltanlı kəndinə 17 ailə – 74 nəfər, Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 18 ailə – 74 nəfər köçürülüb.
Qayıdan sakinlər əvvəllər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar. Onlar doğma yurdlarına qayıtmağın sevincini yaşayırlar.
Sakinlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya göstərilən dövlət qayğısına görə təşəkkür etdilər. Həmçinin, Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını bildirərək, torpaqların azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.