“Epşteyn intihar etməyib, qətlə yetirilib” — Video

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümü ilə bağlı yeni və diqqətçəkən iddialar irəli sürülüb. Tanınmış məhkəmə eksperti professor Maykl Friman, Epşteynin intihar etmədiyini, əksinə, qətlə yetirildiyini vurğulayıb.
Professor Friman, BBC-nin “Newsnight” proqramına verdiyi müsahibədə, Epşteynin ölümünün səbəbini araşdırarkən məhkəmə ekspertizasının sənədlərini və fotoşəkillərini nəzərdən keçirdiyini bildirib. O, iddia edib ki, Epşteynin çox güman ki, arxadan boğulması baş vermişdir. Meyiti şəxsən görən olmasa da, Friman, mərhumun qardaşı Mark Epşteyn tərəfindən təqdim edilmiş sənədlər əsasında qiymətləndirmələr aparmışdır.
Mütəxəssis, Epşteynin sol çiynində ciddi qanaxma, üzündə isə zərbə izlərinin olduğunu qeyd edib. O, boyundakı izlərin arxadan boğulma halına uyğun gəldiyini, qurbanın ipi boynundan çıxarmağa çalışarkən yaranan dırnaq izlərinin də mövcud olduğunu bildirib.
Friman, “Yaralanmalar və cəsədin tapılma şəkli bir-birinə uyğun gəlmir. Yeganə izahat ölümün qətl olmasıdır” sözləri ilə nəticə çıxarıb. Bununla yanaşı, Epşteynin ölümü ilə bağlı müayinəni həyata keçirən baş məhkəmə eksperti Dr. Barbara Sampson, əvvəlki açıqlamalarında Epşteynin ölümünün səbəbi ilə bağlı qəbul edilən nəticələrin arxasında durduğunu bildirmişdi.
Xatırladaq ki, cənab Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkdakı Metropoliten İslah Mərkəzində ölü tapılmışdı. Müayinəyə qatılan patoloqlar isə Ədliyyə Nazirliyinə təqdim etdikləri hesabatda xəsarətlərin asılma ilə uyğun gəldiyini iddia etmişdi.