Məhkəmə dostları ilə birgə qızı qaçıran qardaşlarla bağlı qərar çıxardı

Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir.
Şəki Apellyasiya Məhkəməsində Ağdaşda baş vermiş adam oğurluğu ilə bağlı Seyran Səmədov və onun dostları olan Elvin və Səxavət Məlikovların barəsindəki apellyasiya şikayəti üzrə proses tamamlanıb. Məhkəmə, apellyasiya şikayətinin təmin olunmadığını elan edib.
İttihama əsasən, Seyran Səmədov 4 il müddətində zərərçəkmiş Gülsüm Cəfərova ilə romantik münasibətdə olub. Lakin Gülsüm, Seyranın başqası ilə danışdığını öyrəndikdə münasibətləri sona çatıb. Seyran, bu ayrılıqdan sonra Gülsümü zorla qaçırmaq qərarına gəlib və bu işdə ona dostları Səxavət və Elvin kömək edib.
Olaya görə, Seyran, Gülsümü qohumugilinə gedərkən zorla maşına mindirib və səs-küy salan qızı bıçaqla hədələyib. Gülsüm, aldatmaq məqsədilə ona evlənməyə razılıq verməyə çalışıb, bu zaman Seyran onunla evlənəcəyinə dair məcburi video çəkdirib. Neticədə, Gülsüm evə qayıdandan sonra polis tərəfindən şübhəli şəxslər saxlanılıb.
Zərərçəkmiş qız, həm polisə, həm də məhkəmədə ifadəsində, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və onları bağışlamadığını bildirərək, hüquqi proseduru davam etdirmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən Seyran Səmədov 8 il 6 ay, qardaşlar Səxavət və Elvin isə 8 il müddətinə azadlıqdan məhrum olunublar. Hökmdən narazı olan məhkumlar apellyasiya şikayəti vermişdir.