“The Economist” 2027-ci ilin 10 əsas mövzusunu açıqladı

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Britaniyanın “The Economist” jurnalı yeni buraxılışında 2027-ci ildə gözlənilən siyasi, iqtisadi və texnoloji proseslərə dair proqnozları təqdim edib. "The World Ahead 2027" adlanan xüsusi buraxılış, önümüzdəki illərdə baş verəcək əsas hadisələrin təhlilinə yönəlib.
Nəşrin açıqlamalarına əsasən, 2027-ci ilə dair əsas çağırışlar arasında siyasi və maliyyə sarsıntıları, süni intellektin yaratdığı risklər və İran müharibəsinin nəticələri yer alır. Jurnalın redaktoru Tom Stendicin sözlərinə görə, dünya Donald Trampdan sonrakı dövrə hazırlıq görür, lakin ABŞ prezidentinin daha sərt və gözlənilməz addımlar atması proqnozlaşdırılır.
2027-ci ilin gündəmində yer alan 10 əsas mövzu arasına Trampdan sonrakı dövrə keçidi, İran müharibəsinin təsirləri, yeni temperatur rekordları və süni intellektə qarşı narazılıqlar daxil edilib. Gözlənilir ki, ABŞ-da növbəti prezidentlik uğrunda mübarizədə Tramp müxtəlif fərmanlar və hüquqi qarşıdurmalarla təsirini davam etdirəcək.
Eyni zamanda, İran müharibəsinin regional siyasəti dəyişdirəcəyi və ərzaq təhlükəsizliyinə təhdid yaradacağı qeyd edilir. Quraqlıq və meşə yanğınlarının davam edəcəyi proqnozları ilə enerji bazarlarında qeyri-sabitlik artacaq, bu da bərpaolunan enerjiyə marağı artıracaq.
Bundan əlavə, Avropada sağ populistlərin güclənməsi, istiqraz bazarında təzyiq, Tayvan ətrafında geosiyasi risklər, “Ozempic” effektinin istehlak vərdişlərinə təsiri və kosmosa çıxışın ucuzlaşması da müzakirə edilir. Eyni zamanda, Hollivudun yeni auditoriya axtarışı və aşağıbüdcəli filmlərin uğuru da önəmli mövzular arasında yer alır.