Ezonn Xəbər

Aİ Rusiyanın ən varlı qadınına sanksiya tətbiq etdi

Aİ Rusiyanın ən varlı qadınına sanksiya tətbiq etdi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı davam edən müharibə ilə əlaqədar yeni sanksiyalar paketi çərçivəsində Rusiyanın ən varlı qadını, nəhəng onlayn pərakəndə satış platforması "Wildberries"in təsisçisi Tatyana Kimə qarşı məhdudiyyətlər tətbiq edib. Aİ-nin rəsmi sənədində "Wildberries"in hərbi və ikili təyinatlı malların satışına şərait yaradaraq Rusiya ordusu üçün təchizat şəbəkəsi rolunu oynadığı vurğulanır. Brüssel, Tatyana Kimi Rusiya hökumətini maddi və maliyyə cəhətdən dəstəkləməkdə və bu əməkdaşlıqdan faydalanmaqda ittiham edir. Bazar ertəsi elan olunan məhdudiyyətlər paketi, ümumilikdə 12 fiziki şəxsi və 100-ə yaxın qurumu hədəf alır. Bunlar arasında Rusiyanın neft emalı zavodları, banklar və sanksiyalardan yayınmaq üçün istifadə edilən "kölgə donanması" da mövcuddur. Qeyd edək ki, "Wildberries" 2004-cü ildən qadın geyimləri mağazası kimi fəaliyyətə başlamış, sonradan isə Rusiyanın ən böyük vergi ödəyicilərindən birinə çevrilib. Tatyana Kimin rəhbərlik etdiyi RWB şirkəti, Aİ ölkələrində aktivinin olmamasını əsas gətirərək, sanksiyaların ekosistemə təsir etməyəcəyini bəyan edib. Şirkətin birləşmə prosesi 2024-2025-ci illərdə ciddi qalmaqallara səbəb olub. Bunlar arasında Tatyana Kim ilə keçmiş həyat yoldaşı Vladislav Bakalçuk arasında mübahisə, Çeçenistan lideri Ramzan Kadırovun müdaxiləsi və şirkət ofisində baş vermiş silahlı insident yer alır. "Forbes"in qiymətləndirməsinə görə, Kimin sərvəti müharibənin təsirləri ilə 8,1 milyard dollardan 5 milyard dollara enib.