Naxçıvanda idarəetmə yenilənir: Son iki ayda 181 qərar ləğv edilib
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Naxçıvan Muxtar Respublikasında idarəetmə sisteminin yenilənməsi məqsədilə köhnə normativ-hüquqi aktların ləğvi prosesi davam edir. Sentyabrın 23-dən noyabrın 11-dək Nazirlər Kabinetinin qəbul etdiyi 15 qərar nəticəsində, əvvəlki illərə aid 180-dən çox qərar ləğv edilib.
Modern.az-a istinadən bildirilib ki, ləğv olunan qərarlar daha çox 1990-cı illərin sonları və 2000-ci illərin əvvəllərinə aid sənədləri ehtiva edir. Bu sənədlər muxtar respublikada müxtəlif dövlət qurumlarının fəaliyyətini, idarəetmə strukturlarını, maliyyələşdirmə və tarif məsələlərini tənzimləyirdi.
Ləğv prosesi oktyabr və noyabr aylarında daha da intensivləşib. Məsələn, oktyabrın 13-də qəbul edilən dörd qərar ilə 49, noyabrın 11-də isə qəbul edilən üç qərar ilə 45 qərar ləğv edilib.
Eyni zamanda, ləğv olunan sənədlər arasında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərmiş nazirliklərin, dövlət komitələrinin və müxtəlif idarələrin strukturlarını müəyyən edən qərarlar da vardır. Bu dəyişikliklərin məqsədi idarəetmə sistemini müasirləşdirməkdir.
Bundan əlavə, noyabrın 5-də qəbul edilmiş bir xüsusi qərar ilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi ləğv edilib. Bu addım da muxtar respublikanın idarəetmə sistemindəki dəyişiklikləri əks etdirir.