Naxçıvanda idarəetmə yenilənir: İki ayda 180 - dən çox qərar ləğv edilib
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Naxçıvan Muxtar Respublikasının idarəetmə sistemi yenilənir. Sentyabrın 23-dən noyabrın 11-dək Nazirlər Kabinetinin qəbul etdiyi 15 qərar nəticəsində 180-dən çox köhnə qərar ləğv edilib. Bu proses, muxtar Respublikanın dövlət idarəçiliyinin müasirləşdirilməsi məqsədini güdür.
Ləğv edilən qərarlar, əsasən 1990-cı illərin sonu ilə 2000-ci illərin əvvəllərində qəbul olunmuş normativ-hüquqi aktları əhatə edir. Bu sənədlər, Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının fəaliyyətini təşkil edən, idarəetmə strukturlarını, ştat cədvəllərini, maliyyələşdirməni və tarifləri müəyyən edən məlumatları özündə birləşdirir.
Oktyabr və noyabr ayları ərzində ləğvetmə prosesi daha da intensivləşib. Məsələn, oktyabrın 13-də dörd qərar qəbul edilərək 49 əvvəlki qərar ləğv edilib, noyabrın 11-də isə üç qərar nəticəsində daha 45 qərar ləğv olub.
Bu ləğv edilən sənədlər arasında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərmiş müxtəlif nazirliklərin, dövlət komitələrinin və müəssisələrin strukturunu, ştat sayını və fəaliyyət qaydalarını müəyyən edən aktlar da mövcuddur. Həmçinin, noyabrın 5-də qəbul edilən qərara əsasən, Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi də ləğv edilib.