Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180 - dən çox qərar ləğv edilib
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Naxçıvan Muxtar Respublikasında idarəetmə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Sentyabrın 23-dən noyabrın 11-dək Nazirlər Kabinetinin qəbul etdiyi 15 qərar çərçivəsində, 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərinə aid 180-dən çox köhnə qərar ləğv edilib.
Bu ləğvetmə prosesi, muxtar respublikanın müxtəlif dövlət qurumlarının fəaliyyətini, idarəetmə strukturlarını, ştat cədvəllərini, maliyyələşdirmə və tariflərlə bağlı məsələləri əhatə edən normativ-hüquqi aktların yenilənməsi məqsədini güdür. Modern.az-ın təhlilinə görə, ləğv edilən qərarların əksəriyyəti köhnəlmiş sənədlərdir.
Xüsusilə oktyabr və noyabr aylarında ləğvetmə prosesi sürətlənib. Məsələn, oktyabrın 13-də dörd qərarla 49, noyabrın 11-də isə üç qərarla 45 qərar ləğv edilib. Bu qərarların arasında Naxçıvanda fəaliyyət göstərmiş fəal nazirliklərin, dövlət komitələrinin və idarələrin strukturunu müəyyən edən sənədlər də yer alır.
Eyni zamanda, noyabrın 5-də, Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin ləğv edilməsinə dair xüsusi bir qərar da qəbul edilib. Bu, muxtar respublikanın idarəetmə mexanizmini daha da müasirləşdirmək məqsədini güdür.