Ezonn Xəbər

Gürcüstandan avtomobil gətirmək bahalaşır – Yeni ödəniş qüvvəyə minir

Gürcüstandan avtomobil gətirmək bahalaşır – Yeni ödəniş qüvvəyə minir
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Gürcüstandan avtomobillərin təkrar ixracı (re-ixracı) üçün yeni bir xidmət haqqı tətbiq edilib. Bu ödəniş 450 lari (təxminən 174 dollar) olaraq müəyyən edilib və 2026-cı il noyabrın 16-dan qüvvəyə minəcək. Yeni rüsum minik avtomobillərinin re-ixracının gömrük rəsmiləşdirilməsinə şamil olunacaq. Bu qərar, Gürcüstan üzərindən Azərbaycana avtomobil gətirən şəxslərin və avtomobil ticarəti ilə məşğul olan sahibkarların xərclərini artıracaq. İndiyə qədər avtomobillərin re-ixracı üçün Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində 600 lari məbləğində ödəniş həyata keçirilirdi. Beləliklə, yeni xidmət haqqının əlavə olunması ilə bir avtomobil üzrə ümumi rəsmiləşdirmə xərcləri təxminən 1050 lariyə çatacaq. Avtomobil İdxalçıları və Avtomobil Sahibləri Assosiasiyasının rəhbəri Aleksi Noniadze, yeni rüsumun avtomobil idxalçıları, dilerlər və logistika şirkətləri üçün əlavə maliyyə yükü yaradacağını bildirdi. O, bazarda təklifin tələbi üstələdiyi üçün bu əlavə xərclərin bir hissəsinin satıcıların üzərinə düşə biləcəyi qənaətindədir. Qeyd edək ki, Gürcüstan Azərbaycanın avtomobillərin əsas re-ixrac istiqamətlərindən biridir. 2026-cı ilin ilk doqquz ayında Gürcüstandan Azərbaycana 150 milyon dollar dəyərində avtomobil ixrac edilib, lakin bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azalma nümayiş etdirir. Yeni rüsumun Azərbaycana gətirilən avtomobillərin qiymətinə və Gürcüstan üzərindən avtomobil ticarətinin həcminə təsir edəcəyi gözlənilir.