Ezonn Xəbər

Azərbaycanın bu təşəbbüsü COP31-də yüksək qiymətləndirildi - FOTOLAR

Azərbaycanın bu təşəbbüsü COP31-də yüksək qiymətləndirildi - FOTOLAR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) Azərbaycanın iqlim savadlılığına dair təşəbbüsü yüksək qiymətləndirilib. Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti bu konfransda iştirak edib. Konfransın Gənclər və Təhsil Günü çərçivəsində “Təhsilin yaşıllaşdırılmasında sübuta əsaslanan monitorinq, təcrübə mübadiləsi və əməkdaşlıq” mövzusunda sessiya keçirilib. Bu sessiya, Azərbaycanın COP29-da irəli sürdüyü Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə iqlim savadlılığının ölçülməsi təşəbbüsünün davamıdır. Sessiya, Elm və Təhsil Nazirliyi, COP29 Sədrliyi, OECD və digər tərəfdaşların dəstəyi ilə təşkil olunub. Həsən Həsənli, sessiya zamanı iştirakçıları Azərbaycanda iqlim savadlılığı istiqamətində görülmüş işlər barədə məlumatlandırıb. O, kurikulumun yenilənməsi, müəllimlərin peşəkar inkişafı və qiymətləndirmə sahəsindəki irəliləyişləri vurğulayıb, iştirakçı ölkələri birgə fəaliyyətə dəvət edib. Nazir müavini həmçinin, Azərbaycanın OECD ilə birgə iqlim üzrə öyrənmə və qiymətləndirmə platformasının hazırlanmasına dəstək verdiyini qeyd edib. Dəyirmi masa formatında təşkil olunan sessiyada OECD-nin Təhsil və Bacarıqlar departamentinin direktoru Andreas Şleyxer, eləcə də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndirib. Onlar, bu təşəbbüs nəticəsində PISA 2029-da şagirdlərin iqlim savadlılığının qiymətləndirilməsinin mümkün olacağını qeyd ediblər. Sessiyada 2025-ci ildə Azərbaycan və Braziliyada iqlim savadlılığı üzrə keçirilmiş pilot qiymətləndirmələrin nəticələri də təqdim edilib. Nümayəndə heyəti, həmçinin Türkiyənin Milli Təhsil Nazirliyi və UNESCO tərəfindən təşkil olunan “Yaşıl təhsilin mərkəzində uşaqlar, gənclər və müəllimlər” mövzusundakı sessiyada iştirak edib.