Bakıda reklam agentliyinin direktoru həbs olundu

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Bakı şəhərində reklam agentliyinin direktoru Elvin Həsənov xırda xuliqanlıq səbəbi ilə 8 gün müddətinə inzibati qaydada həbs olunub. Qərar Binəqədi Rayon Məhkəməsində verilib.
Elvin Həsənov, 1993-cü il təvəllüdlü Gədəbəy rayonundan olan şəxsdir və "Zen Agency" reklam agentliyinin rəhbəridir. Məhkəmə materiallarına əsasən, hadisə Binəqədi rayonu ərazisində yerləşən "Vest Taun" yaşayış kompleksində baş vermişdir.
Məlumatlara görə, Həsənovun tanışı ilə aralarında pul və borc məsələləri ilə bağlı narazılıq yaranıb. İki tərəf bununla bağlı telefon danışığı zamanı problemi müzakirə edə bilməyib, nəticədə görüşərək mübahisə ediblər. Görüş zamanı mübahisə kəskinləşib.
Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidməti və polise müraciət edərək, hücuma məruz qaldığını və təhqir edildiyini bildirib. Polis araşdırması nəticəsində Həsənovun tanışına qarşı təhqiramiz ifadələr işlətdiyi və səs-küy saldığı aşkarlanıb.
Məhkəmə Həsənovun əməlini İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi (xırda xuliqanlıq) ilə qiymətləndirərək, 8 günlük inzibati həbs cəzası təyin edib. Həbs müddəti, onun saxlanıldığı andan – yəni saat 02:50-dən etibarən hesablanacaq. Qeyd edək ki, "Zen Agency" MMC-nin nizamnamə kapitalı yalnız 10 manatdır.