Görmə qabiliyyətini bərpa edə biləcək süni buynuz qişa hazırlanır

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Avstraliyalı tədqiqatçılar görmə qabiliyyətinin bərpasına yönəlik innovativ bir layihə həyata keçirir. Onlar biomühəndislik üsulu ilə süni buynuz qişa hazırlayırlar. Bu məlumat Avstraliyanın Vollonqonq Universitetindən əldə edilib. Layihənin adı “BIENCO”dur və bir neçə universitetlə elmi müəssisələrin mütəxəssisləri bu işdə birgə tədqiqat aparır.
Dünyada 23 milyondan çox insanın görmə problemi yaşadığı qeyd edilir. Bu problemlərin bir çoxu buynuz qişanın zədələnməsi ilə bağlıdır. Transplantasiya belə hallarda müalicənin ən effektiv yolu olaraq görülür, lakin donor toxuması çatışmazlığı ciddi məhdudiyyət yaradır.
Layihənin tədqiqatçıları, buynuz qişasının üç əsas hüceyrə növünü laboratoriya şəraitində onun təbii quruluşuna uyğun şəkildə yaratmağa çalışırlar. Komanda artıq toxumanın şəffaflığı, möhkəmliyi və sabitliyi ilə bağlı bir sıra çətinlikləri aradan qaldırmışdır.
Hazırda prototip istehsalının genişləndirilməsi və texnologiyanın praktiki tətbiqi imkanları araşdırılır. Tədqiqatların müsbət nəticələri, gələcəkdə sümük və dəri kimi digər toxumaların biomühəndislik vasitəsilə hazırlanmasına da imkan verə bilər. (AZƏRTAC)