Media və Yayım Şurası: Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəa yeni hüquqi tələb deyil

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Son günlər, bəzi media subyektləri və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı əvvəllər mövcud olmayan yeni məhdudiyyətlərin tətbiq edildiyi barədə yanlış məlumatlar yayımlanıb. Bu məlumatların əslində doğru olmadığı və ictimaiyyətdə çaşqınlıq yaradan manipulyasiya nümunəsi olduğu Media və Yayım Şurasının açıqlamasında qeyd edilib.
Açıqlamada vurğulanıb ki, "Dini etiqad azadlığı haqqında" Qanunun 4-1.3-cü maddəsinə əsasən, din xadimlərinin dövlət orqanlarına seçilməsi və ya təyin olunması halında, onların peşəkar dini fəaliyyətinin dayandırılması artıq qanunvericilikdə öz əksini tapmışdır. Bu hal, Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi ilə sistemləşdirilir.
Qanunvericiliyin bu müddəası, yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərin statusuna aiddir və vətəndaşların dini təhsilinə və ya dini etiqadına müdaxilə etmir. Beləliklə, bu normanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim edilməsi qanunvericiliyin mahiyyətini təhrif edir və ictimaiyyətdə yanlış təsəvvürlər formalaşdırır.
Media və Yayım Şurası, media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə çağırış edərək, hüquqi aktlarla bağlı məlumat yayarkən rəsmi mənbələrə istinad etməyə və yalnız dəqiq, təsdiqlənmiş informasiya təqdim etməyə tövsiyə edib.