Tələbənin ölümündən sonra universitetdə etirazlar başladı - VİDEO

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Tibb Universitetinin yataqxanasında 20 yaşlı tələbə Elvira Eyyubovanın vəfatı universitet mühitində ciddi etirazlara səbəb olub. Tələbələr noyabrın 14-də baş verən bu hadisədən sonra tədris yükü və imtahanlarla bağlı narazılıqlarını sosial şəbəkələr üzərindən dilə gətiriblər.
Elvira Eyyubova, 2024-cü ildə qəbul imtahanlarında 637 bal toplayaraq universitetə daxil olmuşdu. Tələbənin meyiti noyabrın 14-də axşam saatlarında bacısı tərəfindən yataqxanada aşkarlanıb, noyabrın 15-də isə doğulduğu Qəbələ rayonunda dəfn edilib. Eyyubovanın ölüm səbəbi hələlik məlum deyil, lakin müvafiq qanunvericilik çərçivəsində aidiyyəti orqanlar tərəfindən araşdırma aparılmalıdır.
Hadisənin ardından tələbələr imtahan cədvəlinin gərginliyi ilə bağlı narazılıq bildirmişlər. Onlar qeyd ediblər ki, imtahanların ardıcıl günlərə planlaşdırılması, bəzən 24 saatlıq fasilənin olmaması ciddi psixoloji gərginlik yaradır. Tələbələr, Elvira Eyyubovanın da son günlər intensiv şəkildə dərs oxuduğunu və yuxu rejiminin pozulduğunu vurğulayıblar.
Baku TV-nin reportajında, imtahan cədvəllərinin hazırlanması, imtahanlar arasında hazırlıq və istirahət üçün ayrılan vaxtın qeyri-kafiliyi müzakirə edilib. Lakin universitetin bu sarıdan münasibəti hələlik açıqlanmayıb. Tələbələrin psixoloji dəstəyə ehtiyacı olduğu da vurğulanıb.