Dövlət Qulluğu Məcəlləsində din xadimlərinə dair yeni məhdudiyyət yoxdur

Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir.
Son günlər bəzi media orqanları və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimlərinə qarşı guya əvvəlcədən mövcud olmayan yeni məhdudiyyətlərin tətbiq olunduğu barədə yanlış xəbərlər yayılıb. Bu barədə Media və Yayım Şurası açıqlama verərək, yayılan informasiyanın ictimai rəyə manipulyasiya məqsədilə ortaya atıldığını bəyan edib.
Məlumatda qeyd olunur ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsinə əsasən, din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin edildikdə, həmin vəzifədə olduqları müddətdə peşəkar dini fəaliyyətlərini dayandırmalıdırlar. Bu norma, artıq qanunvericilikdə təsbit olunub.
Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi də dini fəaliyyəti dayandırma tələbini sistemləşdirərək, yalnız peşəkar dini fəaliyyət göstərən şəxslərin statusuna aiddir. Burada vətəndaşların dini etiqadına və ya dini təhsilinə dair heç bir məhdudiyyət söz konusu deyil.
Media və Yayım Şurası, bu normanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim edilməsinin qanunvericiliyin mahiyyətini təhrif etdiyini bildirir. Onlar media subyektlərini və sosial şəbəkə istifadəçilərini hüquqi aktlarla əlaqədar rəsmi mənbələrə istinad etməyə, qanunvericiliyin keçmiş tənzimləmələri ilə müqayisəli təhlil etməyə və ictimaiyyətə yalnız doğru məlumatlar təqdim etməyə çağırır.