Ezonn Xəbər

“Faiqoğlu” AEAF ilə 150 elektrik avtobusun alınması ilə bağlı protokol imzaladı

“Faiqoğlu” AEAF ilə 150 elektrik avtobusun alınması ilə bağlı protokol imzaladı
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Noyabrın 17-də “Hilton Baku” otelində “Faiqoğlu” şirkəti ilə Azərbaycan Enerji Avtomobil Zavodu (AEAF) arasında 150 elektrik avtobusunun alınması haqda niyyət protokolu imzalanıb. Protokolun imzalanma mərasimində “Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov və AEAF-in direktoru Tariyel Rüstəmov iştirak ediblər. Tədbirdə, hər iki şirkətin müvafiq struktur bölmələrinin nümayəndələri, aidiyyəti qurumların təmsilçiləri və digər dəvətli qonaqlar yer alıb. İmzalanan sənəd, Sumqayıt Sənaye Parkında yerli yığımı həyata keçiriləcək 150 tam elektrik mühərrikli BYD avtobusunun satın alınmasını əhatə edir. “Faiqoğlu” şirkəti, AEAF ilə əməkdaşlıq edən ilk özəl nəqliyyat şirkəti kimi öne çıxır. Bu tərəfdaşlıq, yerli istehsal imkanlarının genişləndirilməsinə və elektrik nəqliyyatının inkişafına özəl sektorun cəlb edilməsi baxımından əhəmiyyətlidir. Protokol, tərəflər arasında əməkdaşlığın inkişafını təşviq etməklə yanaşı, elektrik nəqliyyatının genişləndirilməsi istiqamətində mühüm addımların atılmasına imkan tanıyır. Bu əməkdaşlıq, Azərbaycanın yaşıl iqtisadiyyata keçidini və dayanıqlı nəqliyyat sisteminin inkişafını dəstəkləyir, ekoloji təmiz ictimai nəqliyyatın inkişafını təşviq edəcək. Eyni zamanda, AEAF-də yerli istehsalın genişləndirilməsi, sənaye potensialının artırılmasına, yeni iş yerlərinin yaradılmasına və ölkədə dayanıqlı nəqliyyat infrastrukturunun formalaşmasına xidmət edəcək.