Balakənin sabiq icra başçısı İslam Rzayev və müavini, YAP Balakən təşkilatının sabiq sədrinin məhkəməsi başlayır

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Balakən Rayon İcra Hakimiyyətində həyata keçirilən əməliyyat zamanı saxlanılan İslam Rzayev və onun müavini Rizvan Balayevin məhkəməsi başlayır. Məhkəmə prosesi Şəki Ağır Cinayətlər Məhkəməsində başlayacaq.
Məhkəmənin hazırlıq iclası 27 noyabr tarixinə təyin edilib. İslam Rzayev ötən ilin oktyabr ayında həbs olunmuşdur. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) və 311.3.2 (təkrar rüşvət alma) ittihamları ilə üzləşir.
Qeyd edək ki, İslam Rzayev ötən il oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Rizvan Balayev isə bu il saxlanılıb və ona Cinayət Məcəlləsinin eyni maddələri üzrə ittiham irəli sürülüb.
Rizvan Balayev 2007-2022-ci illərdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini olub, 2011-ci ildən isə YAP Balakən rayon təşkilatının sədridir. İş üzrə zərərçəkmiş şəxs qismində Maliyyə Nazirliyi tanınmışdır.