Bakıda gecə 14 saatdan uzun olacaq

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda astronomik qış dekabrın 22-də, Bakı vaxtı ilə saat 00:50-də başlayacaq. Bu gün ilin ən uzun gecəsi, eyni zamanda isə ən qısa gündüzü olacaq. Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, həmin gün Bakıda gecə 14 saat 42 dəqiqə 37 saniyə, gündüz isə 9 saat 17 dəqiqə 23 saniyə davam edəcək.
Günəş Bakıda saat 08:00-da doğulacaq və 17:17-də batacaq. Gündüz, günorta üfüqdən cəmi 26,2 dərəcə hündürlükdə olacaq ki, bu da ilin ən aşağı göstəricisidir. Beləliklə, dekabrın 22-si, qış gündönümü olduğu üçün Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay başlayır.
Ümumilikdə, qış mövsümü 88 gün 23 saat 34 dəqiqə davam edəcək və 2027-ci il martın 21-də saat 00:24-də yaz bərabərliyi ilə başa çatacaq. Qışın başlanğıcı dünyada 21 dekabr kimi qəbul edilir, lakin Bakı vaxtı ilə bu 22-nə düşür.
Rəsədxana tərəfindən verilən məlumata görə, Yerlə Günəş arasındakı orta məsafə 149 597 870 kilometrdir. Bununla yanaşı, Yer elliptik orbitlə hərəkət etdiyindən bu məsafə il ərzində dəyişir. Növbəti perihelid 2027-ci il yanvarın 3-də baş verəcək, o zaman Günəşdən 147 104 592 kilometr məsafədə olacaq.
Yerin orbitinin bu xüsusiyyəti Şimal yarımkürəsində fəsillərin gedişini bir qədər yumşaldır.