Balakənin sabiq icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayır
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Balakən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslam Rzayev və onun müavini olmuş Azad Balayevin məhkəmə prosesi başlayır. Onlar, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan əməliyyat nəticəsində saxlanılıblar. Cinayət işi artıq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hazırlıq iclası 27 noyabr tarixində keçiriləcək. İslam Rzayev, ötən ilin oktyabr ayında həbs olunub. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən 179.3.2 (külli miqdarda mənimsəmə) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) üzrə ittiham olunur. Həmçinin, 311.3.2 (təkrar rüşvət alma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də ittihamlar var.
Azad Balayev isə bu ilin əvvəllərində saxlanılıb. O, 311.3.1 (rüşvət alma) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur. Balayev, 2007-2022-ci illərdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini olub və 2011-ci ildən YAP-nin Balakən rayon təşkilatına rəhbərlik edib.
İş üzrə zərərçəkmiş şəxs qismində Maliyyə Nazirliyi tanınıb. Hər iki şəxsin məhkəmə prosesi cəmiyyətdə geniş diqqət çəkir.