Ezonn Xəbər

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına əsasən, 9–13 noyabr həftəsində beynəlxalq maliyyə bazarlarının dinamikasına ABŞ-ın iqtisadi göstəriciləri, Federal Ehtiyat Sisteminin (FED) monetar siyasəti ilə bağlı gözləntiləri, Avrozona və Böyük Britaniyanın iqtisadi bilgiləri, eləcə də ABŞ–İran münaqişəsi təsir edib. Həftə ərzində ABŞ-da açıqlanan inflyasiya göstəriciləri və FED rəsmilərinin çıxışları investorların diqqətini cəlb edib. İnflyasiya təzyiqlərinin davam etməsi, qiymət artımlarının geniş sahələrə yayılması FED-in daha sərt monetar siyasət yürütmək ehtimalını artırıb. Bu amillər ABŞ dollarına və dövlət istiqrazlarının gəlirliliyinə dəstək olub. Avrozone və Almaniyada inflyasiyanın 2.8% səviyyəsində qalması qiymət təzyiqlərinin davam etdiyini göstərir. Avropa Mərkəzi Bankının (ECB) pul siyasəti ilə bağlı gözləntiləri avronun mövqeyinə təsir edən əsas amillərdəndir. Böyük Britaniya isə üçüncü rüb üzrə ÜDM-in 0.7% artması ilə iqtisadi aktivliyin əvvəlki rüblə müqayisədə sürətləndiyini nümayiş etdirir. ABŞ–İran münaqişəsi çərçivəsində hərbi və siyasi gərginlik artıb. Regionda enerji infrastrukturu ilə bağlı təhlükəsizlik narahatlıqları, Hörmüz boğazında gəmiçilik riskləri beynəlxalq bazarların diqqətindədir. Geosiyasi risklər neft qiymətlərinə dəstək versə də, diplomatik proseslər və qlobal tədarük gözləntiləri qiymət artımını məhdudlaşdırır. Həftə ərzində “Brent” markalı neftin qiyməti 100.00$-dan 94.50$-a, “WTI” markalı neftin qiyməti isə 90.80$-dan 86.70$-a geriləyib. Kriptovalyuta bazarında da satış təzyiqi güclənib; Bitcoin 74600$-dan 62000$-a düşərək 16.9% ucuzlaşıb, Ethereum isə 2240$-dan geriləyərək 23.7% dəyər itirib. Gələcəkdə ABŞ-da açıqlanacaq iqtisadi göstəricilər müstəqil analizlər üçün əhəmiyyətli ola bilər.